Görmə imkanları məhdud uşaqların ehtiyacları əsasında
səsli kitablarla bağlı mobil tətbiq hazırlanır
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan olunmuş “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı müsabiqənin qalibi olan “Ailə” Sosial Araşdırmalar ictimai birliyi sosial xidmət sahəsində dövlət sifarişinin icrasını davam etdirir.
Belə bir həssas mövzu üzrə dövlət sifarişinin verilməsində əsas məqsəd “Danışan kitablar” devizi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış kitabları tanınmış aktyorlar vasitəsi ilə səsləndirilməklə görmə imkanları məhdud uşaqların pulsuz olaraq telefon, musiqi oxudan, televizor və.s bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir, roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləməklərinə və dinləyərək öyrənməklərinə şərait yaratmaq, cəmiyyətə inteqrasiyalarının təmin olunmasına köməklik göstərməkdir.
Bununla əlaqədar görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı kitabların səsləndirilməsi, onların bu kitabları telefon vasitəsilə rahat dinləməsi, həmin uşaqların informasiya əldə etmək imkanlarının asanlaşdırılmasına, cəmiyyətə inteqrasiya olunmalarına dəstək göstərilməsi və bu sosial təşəbbüsün təbliğ edilməsi üzrə nəzərdə tutulan bütün fəaliyyətlər yerinə yetirilmişdir.
Bu sahədə həyata keçiriləcək fəaliyyət çərçivəsində görmə imkanları məhdud uşaqların ehtiyacları əsasında müasir informasiya texnologiyalarının inkişafı nəzərə alınaraq, xüsusi mobil tətbiq yaradılır. Mobil tətbiqdən istifadə zamanı görmə imkanları məhdud şəxslər üçün inklüzivlik nəzərə alınmış, səsli idarəetmə imkanı verilmiş və toxunuşla əmrlər icra olunur.