Hiyləgər hacıleylək

Hiyləgər hacıleylək. İndoneziya nağılı Hacıleylək bərk ac idi. O, səhərdən özünə yeməyə bir şey axtarırdı, ancaq əlinə heç nə keçməmişdi: bütün günü bir qurbağa balası da tuta bilməmişdi. Gün batana yaxın, Hacıleylək böyük gölün qırağına gəldi. Bu göl çox qəşəng idi. Yoldan keçənlər bu gölü görəndə bir xeyli vaxt dayanıb onun gözəlliyinə tamaşa edirdilər: gölün suyu göz yaşı kimi dupduru idi, balıqlar da o tərəf-bu tərəfə qaçışırdı. Hacıleylək suya girdi ki, balıqlardan tutub yesin, ancaq balıqlar onu görən kimi, dimdiyinə düşməmək üçün o saat gizləndilər. Hacıleylək çox gözlədi ki, bəlkə balaca bir balıq da olsa tuta bilsin. Ancaq nahaq yerə vaxt itirirdi.