Zərnigar

Biri var, biri yoxmuş. Səmərqənddə bir padşah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bunun adı Zərnigardı. Bu bir molla tutmuşdu ki, bir ayrı otaqda bu qıza dərs deyə. Bu molla həmişə qabaqca bu qıza gəlib dərs deyirdi. Sonra gedib başqa uşaqlara dərs deyirdi. Bir gün oturub ərli arvadlı xörək yeyirdilər. Bu arvad ərinə dedi ki: – Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək. Bu Şəmil arvadının sözün qəbul elədi. Dedi: – Nolar, yaxşı olar. Səmil vəziri çağırdı. Dedi: – Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun sənə bir ehtiyaclığı yoxdur, yeməyi yanında, içməyi yanında. Otur yerimdə padşahlıq elə, ölərəm padşah, gələrəm də yenə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı sənə tapşırıram, səni də Allaha.