Bülbül

Bilirsən ki, Çində İmperator da, onun rəiyyəti də çinlilərdir. Çoxdanın əhvalatıdır, amma nə qədər ki, tamam yaddan çıxmayıb, gərək onu eşidəsən! Bütün dünyada İmperatorım sarayından yaxşı saray tapılmazdı; o, büllurdan tikilmişdi, elə də kövrəkdi ki, ona əl vurmağa qorxurdun. Bağında gözəl güllər, çiçəklər əkilmişdi; ən yaxşılarının saplağından gümüş zınqırovlar asılmışdı; onların cingiltisi yoldan ötənlərin diqqətini çiçəklərə yönəltməli idi. Bax, bağ belə ustalıqla qurulmuşdu! Bağın ucu-bucağı görünmürdü, elə uzaqlara gedib çıxırdı ki, heç bağban da onun harda qurtardığını bilmirdi.