Danabaş kəndinin məktəbi

Bu əhvalat ki, indi istəyirəm nağıl eləyim, çoxdanın sözüdü. Vallah, yəqin deyə bilmərəm neçə il ola, amma orasını yaxşı bilirəm ki, bu əhvalat rus Karsı alandan yeddi il sonra vaqe olubdu. İndi bax gör neçə il eləyir. Eh, gündür gəlir keçir! Hanı o günlər, hanı rus Karsı alan il? Amma deyəsən ki, dünən idi. Hərçənd o vədə mən uşaq idim, amma təfsilat lap yaxşı yadımdadı. Hətta burası da yadımdadı ki, xərmənlər təzə döyülürdü; yəni işin lap qızğın vaxtı idi. Özgə kəndləri bilmirəm, ilin bu fəsli bizim Danabaş kəndində bir adam tapılmaz; cəmisi çöldə, bayırda olar. Kənddə qalar məhz övrətlər və itlər; çünki bunlar çöl işində əsla lazım deyillər. Haman günü ki, bu qəziyyə başlanır, mən özüm də xərməndə idim. Xəbər gəldi ki, nəçərnik, qazı, silistçi, hakim, miravoy sud və uşkol gəliblər kəndə.