İnsanın böyüklüyü

Keşikçilər zülmətə bürünmüş zindan qapısını açıb, bəstəboy, saqqallı bir qocanı içəri itələyərkən, artıq hava qaraldığından göz-gözü görmürdü. Qocanın ağappaq saqqalı elə bil, özündən də böyük idi. Ondan bu usandırıcı, yarıqaranlıq karserə zəif işıq süzülür, bu isə içəridəki dustaqlarda müəyyən təəssüratlar oyadırdı. Ancaq qaranlıq olduğundan, qoca bu mağaraya bənzər zindan çalasında ondan başqa da kimlərinsə olduğunu görə bilmirdi, buna görə də soruşdu: — Burada kimsə var? Cavab əvəzinə gülüş və amiranə donqultular eşitdi. Sonra hamı tərəfindən qəbul olunmuş qayda-qanuna əsasən, hər kəs özünü təqdim etməyə başladı.