Qəhrəman

Belə deyirlər ki, bir xanın Qəhrəman adında bir nökəri varıdı. Qəhrəman olduqca zirək, qüvvətli bir oğlandı. Xan da Qəhrəmanın xətrini çox istəyirdi. Xanın həyətində iki böyük dəyirman daşı varıdı. Xan çıxıb nökərlərinə tapşırdı ki, bu dəyirman daşlarını həyətdən götürsünlər atsınlar bir tərəfə. Nökərlər yapışıb dəyirman daşına nə qədər güc elədilər yerindən tərpədə bilmədilər. Xan yuxarıdan öz qızı Pəri xanımnan baxırdı. Bu vaxt Qəhrəman özünü yetirdi, gördü ki, qırx adam iki dəyirman daşını yerindən tərpədə bilmir. Qəhrəman nökərləri itələyib, bir təkan vurub, bayaqdan daşı götürüb atdı. Xan bu şücaəti Qəhrəmanda görüb sevindi. Tez əmr verdi ki, Tus pəhləvanının paltarı Qəhrəmana verilsin. Amma Qəhrəman paltarı almadı. Çünki könlündən pəhləvanlıq keçmirdi. Atası ona tapşırmışdı ki, nəbadə könlündən mənsəb iddiası keçə. Qəhrəman atasının vəsiyyətini yadında saxlamışdı. Odu ki, xana nökər oldu, amma pəhləvan olmadı. Bunlar burda qalsın. Xəbəri sənə kimdən verim, xanın qızı Pəri xanımdan. Pəri xanım Qəhrəmanın sorağında idi ki, görə, amma o heç rastına gəlmirdi.