Pandemik mələk

Əsər, pandemiya dövrünün yaratdığı böhran fonunda milli-mənəvi dəyərlər ilə modernləşən cəmiyyət arasındakı ziddiyyətləri magik realizm və postmodern üslubda təsvir edir. Hekayənin mərkəzində kənddə tək yaşayan, heç kimlə danışmayan, lakin hamıya qarşılıqsız yaxşılıq edən lal-dinməz bir kəndli dayanır. Realist elementlərlə başlayan əsər, tədricən absurd estetikaya keçir və personajın qarşısına "pandemik mələk" simvolu olan sirli bir uzunqulaq (eşşək) çıxır. Bu mistik varlığın məsləhəti ilə kəndli adət etdiyi Şərq arxetipik cəmiyyət modelindən ayrılaraq yeni sivilizasiyanın mərkəzi sayılan şəhərə köçmək qərarına gəlir. Lakin onun bu köç cəhdi kəndlə şəhərin simvolik sərhədi olan meşədə vəhşi bir qabanın hücumuna məruz qalması səbəbindən reallaşa bilmir.