Balıqlar padşahı və Yaqub

Biri vardı, biri yoxdu, bir sövdəgər vardı. Günlərin bir günündə bu sövdəgər səfərdən qayıdırdı. Yolda onu tozanaq tutub, iki gözlərini kor elədi. Sövdəgər evinə gəlib nə qədər dava-dərman elədisə, gözləri açılmadı. Bir gün bir qoca qarı onun yanına gəlib dedi: – Ay, qadan alsın nənən, gözlərini açsam, mənə nə verərsən? Sövdəgər dedi: – Ay nənə, gözlərimi açsan, sənə yeddi torba qızıl verərəm.