Torpaq

Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, əlikli meşələri baxanı heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi onların. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar bu dünyada. Kimsənin varında, dövlətində gözləri olmazdı bu tayfanın. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar.