Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından, səs-küyündən uzaq olaydı. Borçalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...