Ağadadaşın kişi sözü

...Sonra kəndə xəbər yayıldı ki, papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər getdi və Gülbala bu kənddən cəbhəyə gedən yeddinci cavan idi. Hələ ki bu cavanlar pis gözdən iraqıydı, hələ ki salamatçılığıydı, təkcə çörəkçi Firuzənin nəvəsi Atif qarnından qəlpə yarası almışdı, Bakıda hospitala gətirmişdilər, deyilənə görə, vəziyyəti ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir şey olmasın. Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Çörəyə, əlbəttə, pis demək olmaz, çörək çörəkdi, ancaq bir iş vardı ki, Firuzə arvadın təndirə yapıb bişirdiyi çörəyin dadı ayrı idi.