Bir qucaq torpaq

Ovcumdakı torpaq barmaqlarımın arasından süzüldükcə torpaqdan gələn cənnət ətrini qoxlayıb ciyərlərimə çəkirəm. Hər nəfəs aldıqca bu ətri dərindən hiss edib ona qovuşmağımın sevincini daha ürəkdən yaşamaq üçün gözlərimi bərk-bərk yumuram. Gözlərimi sıxdıqca aramla damcılayan göz yaşlarım ovcumdakı torpağa tökülür, cənnət qoxulu vətən torpağına sanki indiyədək qəlbimi didib-dağıdan həsrətin, nisgilin də ətrini qatır.