Qaraca qız

Qafqaz şəhərlərinin birində Usta Zeynal adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşayırdı. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Zeynal sərraclıq etməklə külfətini bir tövr dolandırırdı, Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. Tutu çox qara və çirkin idi. Anası ona körpo vaxtından "Qaraca qız" deyib əzizlədiyinə görə əsil adı unudulub, hər kəs onu bu adla çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız uşağı ikən qızlarla oynamağı sevməzdi; həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar, çunki o çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini tutardı.