Sərhədsiz səma (Radio-pyes)

Amma maraqlı olanı bilirsiz nədi? O uşaq. Əslində, uşaq deyirəm, amma belə baxanda elə mən də uşaq sayılırdım da. Nə yaşımız vardı ki. Onun 20-21... Mənim də 24-25. Bir sözlə, sütül uşaqlar. Fərqimiz ondaydı ki, mən kasıbdım, o isə dövlətli balası. Özüm də indiyə kimi məəttəl qalıram, o uşaq ata-anasını necə aldadıb qaçmışdı cəbhəyə? Vaxt eləydi, bilirsiz. Cavanlar bezmişdi. Hamı gedib yazılırdı orduya ki, səfərbərlik elan olunanda yollansınlar müharibəyə. Cəbhədə vəziyyət qızışan kimi o vaxtın internetində day kim şəkil qoymadı və yazmadı ki, gedirəm müharibəyə. Vallah, bişmiş toyuğun gülməyi gəlirdi. Ümumiyyətlə, o vaxtlar necə idi? Hər yerindən duran ağzına gələni yazırdı, danışırdı. Nə böyük sayırdı, nə kiçik. Bilmirdin bu arvaddı, ya arvad qınına girən kişi. Abırsız şəkillərini qoyan kim, özünü açıq-aşkar bazardakı kimi satan kim, bir-birinin ətini didən kim. Belələriylə Qarabağı ala bilərdik?!.