Qarayanız "Messi"

Yenə dərsə girməyib, məktəbin arxasındakı balaca futbol meydançasında top qovurdu bizim məhəllənin qarayanız "Messi"si. Uşaqlar ona bu adı verəndə sevincindən göyə uçurdu, oyunda hamının onu "Messi" deyə səsləməsi qürurunu oxşayır, daha da şövqlə oynamağa davam edirdi. Beton meydançada topa sürüşür, rəqibləriylə balaca canına baxmayaraq, qorxmadan çiyin-çiyinə mübarizə aparır, yıxır-yıxılır və sonda sol ayağı ilə qol atırdı. Qoldan sonra xəyali azarkeşlərinə tərəf qaçıb, hesabı dəyişən zərbəsini də qeyd etməyi unutmurdu. Futbol oynadığı dəqiqələrdə dünyada ondan xoşbəxti tapılmazdı yəqin ki. Amma bu şirin dəqiqələrə məktəb zəngi son qoyurdu çox vaxt, 6-cı dərsin də bitdiyini göstərən zəngin səsi yüksələndə saatın neçə olduğunu bilsə də, "yenə bəlkə dərslərin sayını səhv salmışam" ümidilə telefonu olan dostlarından saatı soruşardı. Bu gün də hər gün etdiyi şeyləri etmişdi. Saatın 2-yə 10 dəqiqə qaldığını öyrənən kimi, yağışda islanmasın deyə ağacın altında soyunduğu ayaqqabılarını geyinməyə tələsdi.