Şimşək

Gözəl may axşamı idi. Bəli, may idi, yay deyildi. Yay axşamı idi, desəm, yalan demiş olaram, bir hərflik yalan. Yalanın yekəsi, balacası olmaz, istər bir hərflik olsun, istər bir cümləlik, yalan yalandır. Bəzi bir hərflik yalana bir cümləlik yalan belə çatmaz. Elə bu yalan kimi. Bir hərflikdir, amma ilin fəsillərinin yerini dəyişməyə qadir olan yalandır. Yay yox, may olduğunu dəqiq hardan bilirəm, yay olsa, biz tələbə yataqxanasında deyil, rayonda - öz doğma yurd-yuvamızda olardıq.