Dana, keçi və qoyun

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yol ilə gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər burda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söyüdün lap başında durdu. Qoyun da güclə çıxıb bir budaqda durdu. Dana da digər bir budağın üstünə özün sərdi. Bu vaxt bir canavar gəldi çıxdı bura, başın qaldırıb gördü bir keçi, bir qoyun, bir də bir dana ağaca çıxırlar. Canavar baxanda dana qorxusundan özün ağacda saxlaya bilməyib tappıltıynan düşdü yerə. Canavar istədi dananı parçalayıb yesin. O saat keçi ağacdan çığırdı.