Qatarda

Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi. Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: «Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır ha…» Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın, çəksin, yan-yörəyə gözləri dolusu baxsın…