Məhəbbət adası

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz. Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına – hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.