25 dəqiqəlik yol

İyul ayının sonları idi. Hava çox isti olduğundan evdə oturub, kompüterdə "Troya" filminə baxırdım. Hektor-Axilles qaşıdurması təzəcə başlamışdı ki, telefonum zəng çaldı. Möhtəşəm səhnənin təəssüratı yarımçıq dayandırıldığı üçün üzümü turşudaraq "Pauza"nı basdım və telefonu götürdüm. Zəng vuran uşaqlıq dostum Zaur idi. Mən Sumqayıtda qalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə mən onlara tez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi. "Bütün günü ya evdə oturursan, ya da bağın içində gəzişirşən. Sən də küçəyə çıx, insanlara qarış, ətrafda baş verənlərdən xəbərdar ol" deyirdi mənə. Əslində haqlı idi. Bütün işlərimi kompüterin üzərində qurmuşdum. Hətta sahib olduğum kiçik biznesimi də evdən idarə edirdim. Zaurgilin evləri də yaşadığım qəsəbədə idi və 3 ay əvvəl aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə onlarda olurdum. Getdiyim yolun çox hissəsi torpaq və kələ-kötür olmasaydı, bu yolu 10 dəqiqəyə də gedə bilərdim.