Quyu

– Mama, mama! Miri hanı? Anası quyudan su çəkirdi, ipi saxlayıb bağa göz gəzdirdi. Miri bağın bu tərəfində yox idi. Bağın ortasında bitmiş iri, amma qısır qaysı ağacı ilə yenə də iri amma bar verən ağ tut bağın o biri tərəfini gizlətmişdi. Anası yenə ipi çəkməyə başladı, dodaqucu dedi: – Bağın o biri tərəfinə bax, meynələrin arasına. Şəhər uşağıdı, birdən bilməz, qoraları yeyər, qoyma yesin, sonra qarnı ağrıyar. Bağın o tərəfinə baxmışdı. Miri meynələrin arasında yox idi. Tualetdə, evdə də yox idi. Miri bağda yox idi. Tələsik alaqapıya qaçdı, bayıra çıxıb balaca meydançanı keçdi. Əvvəlcə qonşuları Xeybərin hasarının dibi ilə Maştağaya gedən yola baxdı, axıracan bomboş idi. Sonra Zina xalanın çəpərinin yanı ilə stansiyaya gedən yola baxdı, ora da boş idi. Həyətə qayıtmalı oldu.