Dərs

Onlayn ingilis dili qrupunda iki nəfər oğlan idik. Müəlliməmiz isə qara saçları və qara qaş-gözüylə çox gözəl görsənən təxminən 24-25 yaşlı bir qız idi. Onun ailəli olub-olmadığını bilmirdik. Amma zahiri görkəminə qarşı laqeydliyinə və heç vaxt bəzənib-düzənməməyinə əsasən zəif ehtimalla da olsa, belə düşünürdüm ki, o, ailəlidir. Bəzən dərs vaxtı fikrim yayınıb başqa yerlərə gedəndə, bir də o vaxt ayılırdım ki, qulaqlarım, ekranın o tayında danışan müəlliməni eşitmək əvəzinə sinsi oğrular kimi o 25 yaşlı qızın oturduğu otağın qapısını açıb evin başqa otaqlarına getmək və hardansa bir uşaq səsi eşidib geri qayıtmaq üçün məni öz arxasınca sürüyür. Mən xəyalən ekranın o tayına adlayaraq müəllimənin arxasında görsənən televizorun yanından keçib sakitcə otağın qapısını açır və sağa-sola boylanaraq digər otaqlara bir-bir göz qoyarkən taxtın üstündə uzanıb telefonla oynayan bir kişi və beşikdə yırğalanan bir körpə görüb geri qayıdırdım.