Yaddaşsız kölgələr

Mən indi yaddaşsız bir adamam. Gecə-gündüz başımın içində yad, soyuq küləklər əsir. Harda doğulduğumu, atamın-anamın, bacımın-qardaşımın, əgər onlar varsa, varlığını-yoxluğunu belə unutmuşam. Amma yox, anamın əllərinin istisi, tərtəmiz nəfəsi yaddaşımda ilişib qalıb, bir də, bir də atamın hökmlü, hərdən də nəvazişli səsi... Yaddaşım yavan olsa da, divarlarına köz kimi çoxlu göz yapışıb. Mənə görə gözlərin hərəsi bir insandı. Darıxanda boş beynimin ekranında gözləri böyüdüb kitab kimi oxuyuram. Adamların həyatı, yaşadıqları, sevinci, kədəri, azruları, yarımçıq sevgisi, gizli niyyəti belə gözlərinə yazılıb. Niyə adamlar bu yazıları oxuya bilmir - deyə kədərlənirəm. Hamı məni yaddaşsız saydığından dediklərimə kimsə inanmır. Heç kimi qınamıram, ağlını itirən, yaddaşını yelə verən adama kim inanar?