Qaçış marşrutları

Fikir verdim ki, söhbəti hərləyib-fırlayıb mebel məsələsinə gətirirəm. Evimizin mebellərini müzakirə etmək hər ikimizə də daha asan gəlirdi və artıq birlikdə daha çox vaxt keçirdiyimiz üçün söhbəti davam etdirən ortaq maraqların inkişafı vacib idi. Yəqin, məhz gələcək mebellərimizlə bağlı bu uzun müzakirələrin nəticəsi kimi, bir may səhəri, ikinci əl ev əşyalarının auksionunda iştirak etmək üçün yolumuz kiçik sahil şəhərciyinə düşdü. Mənə elə gəlirdi ki, yeni evlilər kimi xeyli belə auksionda iştirak edəcəyik və bunun çoxsaylı auksionların ilki olmasından başqa heç bir diqqətəlayiq xüsusiyyəti yox idi. Bəlkə də evə yeni bir divanla qayıdardıq, beləcə, qonaq otağında keçirdiyimiz axşamlarda yatağa gedənədək masa arxasında üzbəüz oturmaq əvəzinə, rahatca yanyana otura bilərdik. Lakin divanı bu auksionda tapmasaq da, problem deyildi. Axı istədiyimiz divanı tapmaq üçün çoxlu vaxtımız vardı.