Ağciyər

Tramvaydan düşmək istəyirəm, amma ürək eləmirəm. Yaxınlaşdığımızı bilirəm, çünki daşla dolu yarğanlar görünməyə başlayıb. Elə bil, Adelfanın yaşadığı məhəllənin evləri palçıqdan və qaya parçalarından tikilib. Nə pəncərələrdə şüşə, nə də damlarda kirəmit var. Məhəllə itləri qırıq dişli və palçıqlı ağızlarını böyük-böyük açıb arxamızca düşüblər. Kəlləmi çatlatsam da, beynim reyslərə dağılsa da, ölsəm də, tramvaydan indi düşmək istəyirəm. Çünki indi ölsəm, daha heç bir sirr saxlamalı, kiməsə verdiyim sözləri tutmalı olmayacağam. Adelfa dəliyə dönərdi, atam kədərdən ölərdi, amma mən azad olardım. Tramvaydan düşüb çoxlu qan itirdiyim üçün ölsəm, Adelfa keçəl qalanadək saçlarını yolardı. Xəstəxanadan uşaqsız qayıtdığı gün elədiyi kimi. Atam isə hər kəs tərəfindən unudular, ruhlar və toz basmış mebellər arasında qocalardı.