Axır ki...

Haqqında əfsanə dolaşırdı, amma bir vaxtlar hamı ona görə oğlunu, ailəsini ələ salırmış... Rüstəm İncəsənət İnstitutunun aktyorluq fakültəsinə 13 il sənəd verdikdən sonra qəbul olunmuşdu: arada 2 il əsgərliyi saymasaq, orta məktəbdən sonra hər il. Sevirdi bu sənəti, səhnədə böyük rollar yaratmaq istəyirdi, amma arzuları ürəyində qaldı, təyinat alıb gəldiyi əyalət teatrında ona böyük rollar vermədilər və bunun öz səbəbi vardı. Rüstəm təyinat alıb Bakıdan əyalət teatrına bir-neçə ay gec getdi, o, teatra gələndə artıq kollektiv yeni il şənliyinə hazırlaşır, qızğın məşqlər gedirdi. Baş rejissor Məhərrəmin ssenarisini özü yazıb, özü quruluş verdiyi nağıl-tamaşada Uzunqulaqdan başqa, bütün rollar bölünmüşdü. Əslində, Rüstəmin teatra gəlməsi baş rejissor üçün göydəndüşmə idi - yoxsa tamaşa Uzunqulaqsız qalacaqdı. Rüstəm Uzunqulaq oynamağa razı oldu və bununla da aktyorluq karyerasının edamına fərman verdi...