Üç adamın qırmızı günü

Təqvimlərdə bayramların rəmzinə çevrilmiş al qırmızı rəngləri, həm ellərin-obaların arzularının açılmış al qönçələrinə, həm də bayram mərasimlərində boyanan yumurtaların cücələrinə də bənzətmək olar. Amma adamların özlərinin də yaşadıqları ömürdə öz bayramları olur ki, bir tək onların ürəyindən tikan çıxarıb varlıqlarını zəfərlərinin al qırmızısına boyayır. Bəndələrinin sayına görə ellərin, ömürlərinin illərinə görə bəndələrin bayramları barmaqla sayıla biləcək qədər az olduğundan, təbiət də onların rəmzinə çevrilmiş al qırmızının ən təbii rəngini öz nadir daşlarından birinə bəxş etmişdi, - yaquta.