Məsləhət gecəsi

Əli qələm tutan ya haqlı, ya haqsız, filosofluq edir. Yazılanları yada salıram: Pulu olan güclüdür... Gücü olan qalibdir... Həm pulu, həm də gücü olan ağıllıdır... Ədalət arzulanan meyardır... Şəhərin Şahsevənlər basalağının sakini Xəlil dayı müdrik çağına çatmış ömür qatarını bu yaşam məntəqələrinin hamısından sürüb keçib. Maraqlı burasıdır ki, bu dəyişdirici "məntəqələrdən" keçəndən sonra həddini aşmayıb, insanlığını itirməyib. Ona görə ki, hər tərəfdən sıxılan içindəki çocuğa bənzər ədalət hissini ölməyə qoymayıb. Özünün ölməməsi, sıradan çıxmaması üçün zamanın havasını nəzərə alıb. Xəlil dayı, başlıcası, özünə nəzarət etməyi bacarıb. Çoxlu pul da qazanıb, vəzifə atına da minib, ancaq insafını, xeyirxahlığını əldən verməyib. Beləliklə, o, basalağın sayılan, seçilən, hörmət qoyulan ağsaqqalına çevrilib. Bu səbəbdən getdikcə ondan məsləhət istəyənlərin sayı artıb. Faydalı bildiyini deyib, faydasızın üstündə "mən deyirəm!" deyə təkid etməyib. Həm də fikirləşib ki, ağıl ağıldan üstün olar, naçar qalan qoy gedib başqasına da gənəşsin.