Günəş, buludlar və Ağca

O, bəmbəyaz idi... Günəşə doğru uçanda göy üzündə bir topa ağ buluda bənzəyirdi. Dostu ona Ağca deyirdi. O da dostunun dilindən adını eşidən kimi uçub gəlir, ağ lələkli çəhrayı ayaqlarını götürüb qoya-qoya onun ovcunda dənlənirdi.... Günlərin bir günü eşitdiyi sözlərdən həyəcanlandı: Ağca, mən gedirəm... Boynunun tərpənişi ilə astaca soruşdu: "Hara?". Cəbhəyə, Ağca. Vətəni qorumağa... Hər kəsin bir Vətən adlı sevimlisi var. Hər kəs də ona olan borcunu verməlidir... Ağca yaxşı anlayırdı Vətən nə deməkdir. Hər dəfə yovşanlı çöllərinin ətrini sinəsinə çəkəndə sevinirdi. Hər dəfə yağışında yuyunub, Günəşində lələklərini qurudanda Vətən hərarətini duyurdu... Ağca dimdiyini dostunun sevimli üzündə gəzdirdi. Onunla fəxr etdi, qürur duydu. Göyərçinlərin ağlaması bilinməz ki... Amma Ağca kövrəldi. Sonra ayrıldılar. Ağca əsgər paltarı geyinmiş dostunun ardınca bir xeyli uçdu. Yorulanadək... Sonra uca bir ağaca qonub o, gözdən itənədək baxdı... Onun əvəzinə sevindi...