Kamasin dili

Xəstəlik onu birdən-birə, payızın sonlarına doğru yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından qalxmaq istəyəndə huşunu itirərək üzüqoylu düşdü və özünə gələndə xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda keçirdiyi günlərdə yaşadığı ömrün pərakəndə lövhələri sanki hər şey dünən olubmuş kimi, yaddaşında çevrildikcə zehni ayazıyırdı... Abalakovo ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək o qədər də asan deyildi. Minik olmadığından səhərin gözü açılmamış qalxıb yola çıxır, öylədən bir az keçmiş rayon mərkəzinə yetişincə poçtda işləyən bacılığını arayıb tapır, gecəni onlarda keçirir, o biri gün bazarlıq edib geri dönürdü. Çoxlarına yorucu görünsə də, meşələrin, göllərin səssizliyinə bürünmüş bu yol onu özündən alıb aparır, mənzil başına çatana qədər zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək bircə dəfə də olsun hər daşını, kəsəyini tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki ömrü bu yollara dağılmışdı, keçib getdikcə yaşanmış illərin qırışığı açılır, tökdüklərini yığırdı.