Qar

Fevralın 25-i idi. Qar yağırdı. Rəhim dostları ilə həyətə çıxmışdı. Uşaqlar sevinirdilər. Onların körpə könlündən qartopu oynamaq, qaradam düzəltmək keçirdi. Onlara elə gəlirdi ki, neçə vaxtdan bəri Xocalı şəhəri üzərində dolaşan qara buludlar dağılır... Bir müddət əvvəl Şuşadan gələn vertolyotu erməni hərbçiləri vurmuşdular. Bu hadisəni Rəhim eyvandan öz gözləri ilə görmüşdü. Əvvəl qara tüstüyə bürünmüş vertolyot aşağı şığıdı. Yerə düşəndə partlayış səsi gəldi və böyük alov burula-burula yuxarı qalxdı. Lap filmlərdə olduğu kimi. Amma bu, film deyildi. Radioda xəbər verdilər ki, Şuşa vertolyotu vurulub. O gündən Xocalı aeroportunda səssizlik idi. Rəhim çox qorxmuşdu, daha həyətə çıxmırdı. İndi isə qar yağmışdı. Onun həssas uşaq qəlbi sevinirdi.