Dorian Qreyin portreti

Oskar Uayld tarixə parlaq dendi, estet, gözəllik bilicisi və həm də öz kaprizlərindən başqa nəyə desən dözə bilən bir adam kimi daxil olub. Böyük ədəbi istedadı və orijinal hərəkətləri ilə hər zaman şıltaq Britaniya publikasını cəzb edə bilib. Əslində o, cəmiyyətin özünə baxıb zövq almaq istədiyi güzgü idi. Amma bu, bir gün cəmiyyətə ondan üz döndərməyə mane olmadı... Cəmi 46 il ömür sürən bu yazıçının əsərləri yüz ildən çoxdur ki, yaşamaqdadı. Və həm də sənətkarın şəxsiyyəti, bioqrafiyası indi də birmənalı qiymətləndirilmir. Hətta onu da deyim ki, ailəsi onun familiyasından imtina edib. Və bu gün yaşamaqda olan nəvə-nəticəsi də onun adından uzaq durmaqdadı. Qəribə taleyi var Uayldın. Yeganə romanının qəhrəmanına bənzəyir – Dorian Qreyin portretinə. Özünün yaratdığı portretə.