Qara ilan

Belə deyirlər ki, bir bağban varmış. Bu bağbanın gözünün ağıqarası bir oğlu varmış. Bu bağban oğluna yaxşı tərbiyə veribmiş. Bir gün bağban həyətində yer belləyəndə bir qara ilanla ağ ilanın bir-birinə sarmaşıb yatdığını görür. Bağbanın ağ ilanın qara ilanla sarmaşıb yatdığına acığı tutur, o bel ilə qara ilanı vurmaq istəyir, bel ağ ilana dəyir. Qara ilan qaçıb gedir. Bağban ağ ilanı torpağa basdırıb evinə gedir. Bu hadisədən neçə illər keçir. Bağbanın oğlu böyüyür. Onun evlənmək vaxtı gəlib çatır. Bağban kənd ağsaqqallarını yığıb məsləhət eləyir. Ağsaqqalların biri bağbana deyir ki, toy elə, amma ehtiyatlı ol. Gəlini evə salanda qapıda dur, içəri hər adamı buraxma.