Quşlar uçmayan yerdə

Gənc aktyor İbrahim İbrahimov birinci mövsüm idi ki, Şaxta baba olurdu. Bu işi ona dünyanın əlləm-qəlləm haqq-hesablarından yaxşı baş çıxardan, burnunu hər yerə soxmağı bacaran ütük bir dostu düzəltmişdi. Düzəltmişdi ki, İbrahim yeni il bayramında bir az qəpik-quruş qazansın. İbrahim dostundan da razı idi, taleyindən də. Düzdü, təcrübəli, yaşlı həmkarları kimi böyük zallarda meydan sulamaq hələ ona qismət olmamışdı, uşaqları bəzəkli ağacın dövrəsində əyləndirmirdi, onlara qoşulub nəfəsli orkestrin çaldığı “Nəlbəki”yə oynamırdı, ancaq nə qəm – İbrahim evlərə gedib körpələrə hədiyyələr paylayırdı – İbrahim sifarişlə çağrılan Şaxta babaydı, ona görə də tay-tuşları adına “zakaznoy Ded moroz” deyirdilər.