Təzə məskəndə iki nəfər

Qoşa, yoğun boruları az qala göyə dəyən böyük neftayıran zavodun sağ tərəfində təzə və uca binalar tikilmişdi. Onlar uzaqdan maketi xatırladırdı. Adama elə gəlirdi ki, orada həyat yoxdur. Lakin qəsəbəyə yaxınlaşdıqca insan səsi, insan nəfəsi duyulur, həyət-bacada bir qaynaşma gözə çarpırdı. Köhnə məhəllələrin ətrafı yaşıllığa bürünmüşdü. Orada söyüd də əkmişdilər, çinar da, qovaq da. Rəngarəng, ətirli güllər alt mərtəbələrin pəncərələrinə sarmaşmışdı.