Aldanmış Kəvakib

Baharın əvvəli idi, novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç saat keçmiş qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı xacə Mübarək içəri girib, baş əyərək ərz elədi ki: - Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir, bir vacibi işdən ötrü. Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki: - Mirzə Sədrəddini çağır gəlsin!