Bostan oğrusu

Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. - İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"