Rahib və məbəd xidmətçisi

Titos kəndinin məbədində xəsis və tamahkar bir rahib vardı. O, heç vaxt xidmətçisinə şirin şeylərdən dadmağa verməzdi, hamısını özü yeyərdi. Xidmətçinin isə şirin şeylərdən çox xoşu gəlirdi. Bir dəfə rahib üçün ətirli təzə bal gətirdilər. O, balı küpə töküb xəlvət bir yerə qoydu. Xidmətçiyə isə heç dadmağa da vermədi. Elə oldu ki, rahib bütün günü harasa getməli oldu. O, xidmətçiyə dedi: – Bax, ehtiyatlı ol: içində zəhər olan küp buradadır. O, üzdən bala oxşayır, ancaq əslində belə deyil. Dilini bu zəhərə vuran kimi ölərsən. Rahib çıxıb gedəndən sonra xidmətçi küpü götürüb balın hamısını yedi. Küpün içi boşalanda onun ürəyinə qorxu düşdü və fikirləşməyə başladı ki, necə eləsin rahibi aldatsın. Fikirləşdi, fikirləşdi, axırda tapdı. O, rahibin ən çox istədiyi fincanı götürüb sındırdı, sınıqlarını otağın ortasına atdı, özü də yerinə girib yorğanı üstünə çəkdi, rahibin gəlməyini gözləməyə başladı.