İnsanın şərəfi, bəzəyi, məncə, Deyildir nə ipək, nə tirmə, oğlum! Yaxşıdan yaxşı ol ellər içində, Dostuna bir ziyan yetirmə, oğlum! Yersiz gülümsəmə, yersiz ağlama, Bir könül də qırma, sinə dağlama, Sirrini ellərdən gizli saxlama, Dilinə yalan söz gətirmə, oğlum!
Gecə düşüncəsi
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Həyat sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, Könül, günəş kimi parla yerində! Göylərin lacivərd ətəklərində Gedən bu qovğadan necə əl çəkim?
Vaxt var idi
Vaxt var idi, göz yaşı azadlıq simvoluydu: vaxt var idi, yox idi qulun ağlamaq haqqı. Nəysə... ruhu şad olsun aldığımız canların. Heç çoxu içilmədi axıdılan qanların... Ey bizim əsrimizin gözəllik salonları, savaşda Janna Darkın saç düzümü necəydi?
Savaşdan əsgər məktubu
qan-qadalı savaşlardan dönəcəm, qıra bilməz ümidimi güllələr. xoş müjdəli zəfərlərlə gələcəm, qalib kimi qayıdacam bir səhər. bir az döyüş xatirəsi – dumanlı, xoş gələcək, xoş ümidlər – bir qucaq. qızım üçün saman saçlı gəlincik oğlum üçün boş gilizdən oyuncaq.