Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestnerin “Emil və detektivlər” əsəri Emil adlı uşağın başına gələn macəralardan bəhs edir. İlk dəfə Berlinə qatarla yola düşən Emil çox həyəcanlıdır. Lakin onunla eyni kupedə səyahət edən koteloklu cənabın görünüş və hərəkətlərini bəyənmir. Sonra Emil yuxuya gedir. Oyananda görür ki, kupedəki koteloklu cənab da, cibindəki pullar da yoxdur. Elə əsl macəra da bundan sonra başlayır. O, Berlində tanış olduğu uşaqlarla – gənc detektiv dəstəsi ilə birləşərək oğrunu tutmaq üçün təqibə başlayır.
Oliver Tvistin macəraları
Ç.Dikkens “Oliver Tvist”, “Milad əhvalatları”, “Böyük ümidlər”, “Devid Kopperfild”, “İki şəhərin əfsanəsi” kimi məşhur əsərlərin müəllifidir. 1837–1839-cu illərdə yazılmış “Oliver Tvist” əsəri ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur. Əsər, əsasən, realist üslubda yazılsa da, burada müsbət obrazların mələyə bənzədilməsi, cinayətkarların eybəcər təqdim olunması, xoşbəxt sonluq kimi romantizmə xas xüsusiyyətlərə də rast gəlmək mümkündür.
Kimsəsiz
“Kimsəsiz” romanı Hektor Malonun şah əsərlərindən biridir. Səkkiz yaşlı Remi kasıb olmasına baxmayaraq, kənddə xoşbəxt ömür sürür. Ancaq həyatı ögey atasının Parisdə keçirtdiyi bir qəza ilə kökündən də yişir. Remi əvvəlcə valideynlərinin doğma valideynləri olmadığını öy rənir. Daha sonra Remi ögey atası tərəfindən senyor Vitalis adlı küçə tama şaçısına nökərçiliyə verilir. Əsərdə bir anda həyatı ciddi şəkildə dəyişən Reminin mübarizələrlə dolu həyatını oxuyacaqsınız
Qərbi Poleydəki macəramız
“Libra kitab”ın ilk dəfə Azərbaycan dilində çapa hazırladığı Tomas Hardinin “Qərbi Poleydəki macəramız” əsəri üç uşağın kənddəki qəribə macərasından bəhs edir. İki uşağın “qəhrəmanlığı” üzündən baş verən hadisələr cığırından çıxır və xoşagəlməz nəticələr verir. Xoşbəxt sonluqla bitən əsər ibrətlərlə doludur. Ancaq yazıçının fikrincə, bu əsər əxlaqi dəyər aşılasa da, heç bir halda əxlaq dərsi vermir, nəsihət üslubunda yazılmayıb. Ümidvarıq ki, romanın aydın, dolanbacsız və sadə süjeti dünyaya araşdırmaçı gözü ilə baxan hər bir uşağın marağını cəlb edəcək.
Heklberri Finnin Macəraları
Amerika yazıçısı Mark Tvenin əsl adı Səmyuel Klemensdir. Hüquqşünas ailəsində doğulmuş Səmyuel atasını tez itirdiyindən 12 yaşından işləməyə başlamışdır. Mətbəədə usta şagirdi, reportyor, qızılaxtaran olmuşdur. Mark Tven ədəbi yaradıcılığa felyeton və yumoristik hekayələrlə başlamışdır. Bir çox məqalə, povest və romanlar yazsa da, uşaqlar üçün yazdığı əsərlərlə daha çox məşhurlaşmışdır. Onun qələminə məxsus olan “Tom Soyerin macəraları” və “Heklberri Finnin macəraları” dünya uşaq ədəbiyyatının ən gözəl nümunələridir.