Kabus dolu gəmi

Alsorda atamın balaca bir dükanı var idi; adətən, əlindəki var-dövləti itirməkdən qorxan və risk etməyi sevməyən adamlar bu cür ortabab dükanlara sahib olurlar. Atam məni çox sadə və dürüst insan kimi tərbiyə etmişdi; istədiyinə də nail olmuşdu — hələ kiçik yaşlarımdan ona yardım etməyə başlamışdım. On səkkiz yaşım təzə tamam olmuşdu ki, atam həyatında ilk dəfə böyük ticarətə atılmaq qərarına gəldi və bir sövdələşməyə razılıq verdi. Amma çox keçməmiş dünyasını dəyişdi; mənə elə gəlir ki, onun ürəyini partladan şey min qızıl sikkəni ucsuz-bucaqsız dənizə etibar etməsi idi — bu cür həyəcana onun qəlbi çətin ki tab gətirəydi. Ölümündən bir neçə həftə sonra atamın yük daşıtdırdığı gəminin batması xəbəri də özünü çox gözlətmədi; xəbəri alaralmaz, nə qədər qəribə olsa da, atamın həyatda olmadığına görə sevindim.

Homerin qəbrində bitmiş gül

Şərq şeirində bülbülün gülə məhəbbəti tərənnüm edilir: sakit ulduzlu gecələrdə qanadlı nəğməkarın sevgi mahnıları ətrili gülə doğru uçub gedir. İzmirin yaxınlığında, dövrəsinə uca çinar ağacları əkilmiş bir yolun kənarında çiçəklənmiş bir qızılgül kolu gördüm. Onun yanında yüklü dəvələr uzun boyunlarını qürürla dik tutub müqəddəs torpaqda yöndəmsiz bir halda addımlaya addımlaya keçib gedirdi. Çinarların budaqları arasında çöl göyərçinləri yuva qurmuşdu. Onların qanadları günəşin şüaları altında sədəf kimi parıldayıb rəngdən rəngə çalırdı.

Gül ilə sanavar

Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padşah var idi. Bu padşahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə deyirlər: – Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik. Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməəyə qoyub ataları üçün yolladılar. Padşah qovunu görüb tez vəziri çağırtdırdı: – Vəzir bu qovunlar nə olan işdir?

Dünya gözəli

Bir var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir: – Ya bu yetimləri tut, yada məni saxla. Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə. Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar. Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir: – Ay bacı, tozanağa bax! İkinci bacı deyir: – Yəqin padşahdır. Kiçik bacı deyir: – Bacılı-bacılı, nə olaydı padşah məni ala idi, mən də bir oğlan doğa idim, bir kəkli qızıl olaydı, bir kəkli gümüş olaydı, alnı ay. Ortancılı bacı deyir: – Məni də vəzir üçün alaydılar. Mən xalca toxuyaydım, o xalçada padşahın bütün qoşunu yerləşə idi.

Dovşana ad verilir

Keçmiş zamanlarda iki qonşu var idi: ikisi də ovçu idi. Bir dəfə maral tutmaq üçün tor qurmağa getdilər. Birinci ovçu toru adi qayda üzrə yerdə qurdu. İkinci ovçu isə torunu ağacın başında qurdu. Torlarını qurandan sonra qayıdıb evlərinə getdilər. Torunu ağacın başında quran ovçu tezdən, dan yeri sökülməmişdən torlara baxmağa getdi. Torunu yerdə quran qonşunun tələsinə maral düşmüşdü. Ağacın başında qurduğu öz torunda isə maral yox idi. Onda o, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna saldı. Sonra da qayıdıb evinə getdi. Yıxılıb yatdı. Ovçu o vaxtacan yatdı ki, gün qalxıb bir boy oldu. Bu vaxt qonşusu gəlib onu oyatdı, onlar birlikdə meşəyə getdilər. Hər iki ovçu meşəyə çatıb gördü ki, yerdə qurulan tələ bağlıdır. Onun içində isə heç nə yoxdur. Ətrafında çoxlu iz var, elə bil ki, maral burada çırpınmışdır. Torda bir çəngə maral yunu ilişib qalmışdı.