Ümumtəhsil məktəblərinin 5-cı sinfi üçün dərslik
Kraliçanın boyunbağısı
Görkəmli fransız yazıçısı Aleksandr Düma (1802–1870) macəralarla zəngin tarixi romanların müəllifi kimi tanınır. Onun qələmindən çıxan “Qraf Monte-Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərlər əksər dillərə tərcümə edilib və bu gün də maraqla oxunur. Dümaya dünya şöhrəti qazandıran romanlardan biri də “Kraliçanın boyunbağısı” adlanır. Romanda hadisələr Fransa kralı XVI Lüdovikin sarayında cərəyan edir. XVI Lüdovikin kraliça Mariya Antuanetta üçün sifariş etdiyi bahalı boyunbağı saray daxilindəki ziddiyyətlər fonunda ağlasığmaz əhvalatların baş verməsinə gətirib çıxarır. Məhz bu səbəbdən də roman son səhifəsinədək birnəfəsə və böyük maraqla oxunur...
Ləpirçi
Amerika yazıçısı Ceyms Fenimor Kuper hinduların həyatını, məişətini və adətlərini təsvir edən ilk və ən məşhur romantik yazarlardandır. Onun əsas qəhrəmanları Yeni Dünyanı fəth edən cəsur avropalılar və Avropa sivilizasiyası qarşısında davam gətirməyib fiziki və mənəvi qətliama düçar olan yerli hindulardır. Ceyms Fenimor Kuperin 1840-cı ildə yazdığı “Ləpirçi” romanı dünya ədəbiyyatı xəzinəsində özünəməxsus yer tutur. Əsərdəki hadisələr XVIII əsrin 50-ci illərində baş verir. Romanın mövzusu fransızlar və ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülmüşdür.