Tanınmış yazıçı Əzizə Cəfərzadənin bu romanı XVI əsrin əvvəllərində Azərbaycanın coğrafi baxımdan indiki və ətraf ərazilərində baş verən müharibələrdən və dini çəkişmələrdən, Azərbaycandakı Səfəvilər dövlətinin qüdrətlənməsindən, qızılbaşların Şamaxıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir. Müəllif bütün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbaycan dilinin əhəmiyyətini cəsarətlə önə çəkib... Əsəri maraqlı edən bir cəhət də onun çoxlu tarixi faktları bədii (bəzən rəvayət şəklində) obrazlarla canlandırmasıdır.
Siçanlar və adamlar
Dünya ədəbiyyatının ən gözəl nümunələrindən sayılan “Siçanlar və adamlar” povestindəki obrazlar bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan dünyada böyük şöhrət qazanmasına baxmayaraq Con Steynbek, elə bil, bu povestdə heç vaxt ondan ayrı düşməyən duyğularını, öz həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazıb.
Ovod
İrland əsilli ingilis yazıçısı E.L.Voyniç atasını körpə vaxtı itirdiyi üçün uşaqlığı ehtiyac içində keçmişdir. Etel əvvəlcə dayısının ailəsində yaşayır, 23 yaşında isə Rusiyaya yollanır, orada gəaləcək həyat yoldaşı ilə tanış olur və ailə qurub İngiltərəyə qayıdır. Beş roman müəllifi olan Voyniç eyni zamanda bəstəkar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. Voyniçi dünyaca məşhur edən inqilabi – romantik ruhda olan “Ovod” romanıdır. Əsər baş qəhrəman Artur Bertonun (Ovod) İtaliyanın azadlığı uğrunda mübarizəyə qoşulmasından və öz əqidəsindən dönməməyindən bəhs edir. “Ovod” sözü dilimizə mozalan kimi tərcümə olunur.
Mobi-Dik
Məşhur Amerika yazıçısı Herman Melvill onlarla romanın müəllifidir. Lakin bu romanların heç biri ona «Mobi-Dik» əsəri qədər şöhrət qazandırmayıb. Halbuki 1851-ci ildə qələmə alınan bu romanın ilk nəşri də uğurlu alınmamışdı. Lakin Melvillin ölümündən sonra «Mobi-Dik» sanki yenidən kəşf edildi və bestsellerə çevrildi. Romanın müəllifi isə dünya ədəbiyyatının böyük yazıçılarından biri kimi qəbul olundu. Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balinanın macəra dolu mübarizəsindən bəhs edən əsər bir-birindən maraqlı səhnələrlə zəngindir və oxucunu daim həyəcanda saxlayır.
Professor Douelin başı
Sovet elmi-fantastika məktəbinin əsasını qoymuş məşhur yazıçı – fantast Aleksandr Belyayev ağır xəstəlikdən həyatının böyük bir hissəsini yataqda keçirmişdir. Yazıçı 70-ə yaxın elmi-fantastik əsər, o cümlədən 13 roman müəllifidir. “Professor Douelin başı” fantastik macəra romanı Aleksandr Belyayev tərəfindən 1925-ci ildə yazılmış və “Ümumdünya bələdçisi” jurnalında nəşr olunmuşdur. Belyayev bu əsəri bir növ avtobioqrafik roman kimi qələmə almış, insanlara iflic vəziyyətdə olmağın, “yalnız başın fəaliyyət göstərməsinin necə bir hiss olması” haqqında danışmaq istəmişdir.