Vinni Puh

Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən «Vinni-Puhun nağılları» olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış «Vinni-Puhun nağılları» nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib. Miln 1956-cı ildə vəfat etsə də, adı «Vinni-Puhun nağılları» sayəsində əbədi yaşayacaqdır.

Çipollinonun Macəraları

Adı və əsərləri qısa müddətdə dünya ədəbiyatı xəzinəsinə daxil olan italyan kommunist yazıçısı Canni Rodari (1919) xüsusilə uşaq və gənclərin sevə-sevə oxuduqları bir çox şeir və nağılvarı əsərlərin müəllifidir. Bu baxımdan, onun dünya ədəbiyatında ən çox tanınmış və geniş yayılmış əsəri – “Çipollino” nağıl-povesti səciyyəvidir. Bu kitabda oxuyacağınız həmin əsərin qəhrəmanları: Soğan, Qabaq, Turp, Kəvər, Pomidor, Portağal, Limon, Noxud, Albalı və sair meyvələrdir. Əslində isə, bütün bunlar əsər boyunca öz hərəkət və rəftarları ilə insan cəmiyətini, daha dəqiq desək, Rodarinin yaşadığı zaman və məkanın ayrı-ayrı sinif və təbəqələrini təmsil edən nümayəndələrdir. Əsərin baş qəhrəmanı – Çipollino (bala soğan) nağılvarı bir ölkəyə səyahət edərək yoxsulları müdafiə edir və zalımlara qarşı mübarizə aparır. Burada yazıçı xəyalı ilə həyat həqiqəti bir-birilə qaynayıb-qarışır, müəllif çağdaş İtaliyanın ictimai həyatının bütün ziddiyətlərini nağılda olduğu kimi aydın, canlı, gülünc şəkildə əks etdirir.