Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi. Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı. - İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarılmadığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa, işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı dəyənək!"
Xarici naxoşluq
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan söhbət gedir... Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt məni tərk etmir.
At pələngə necə kələk gəldi
Meşə qırağındakı çəmənlikdə bir at otlayırdı, ondan azca aralı dayça özü üçün atılıb-düşürdü. At tez-tez balasını səsləyirdi; onu çox istəyirdi. Dayça isə meşə qırağında keyfi kök, atılıbdüşürdü: gah anasının yanına qaçır, gah da dördayaq o tərəfə götürülüb qaçırdı. – Oğlum, qulaq as, gör nə deyirəm, – deyə at oğluna nəsihət etdi. – Uzağa qaçma. Buralar qorxuludur. Sən həmişə mənim yanımda ol. Bir şey olanda da harayına tez çata bilim.
Qorxulu nağıllar
Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir. “Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.
Qoca və dəniz
O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə gedir, hər dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində balaca oğlan da qoca ilə bərabər getmişdi. Sonra oğlanın valideynləri onu başa saldılar ki, qoca balıqçı uğursuz adamdır. O da ata-anasının təkidi ilə qocadan ayrılıb başqa qayığa getdi, özü də birinci həftə ərzində üç iri balıq gətirdi. Qoca balıqçının halı oğlanı yaman kədərləndirirdi. Hər gün əliboş qayıdanda uşağın ona yazığı gəlirdi.