Tom dayının daxması

Qəhrəmanı qaradərili olan ilk Amerika ədəbiyyatı nümunəsidir. Əsərdə Amerikanın cənub ştatlarının quldarlıq mənzərəsi geniş şəkildə təsvir olunur, quldarların qəddarlığı, onlara bunu etməyə imkan verən qanunlar, zənci qulların ağır həyatı, onlara edilən zülm və işgəncələr, məhrumiyyət və ayrılıqlar aydın şəkildə təsvir olunur. Bu romanda Tom dayı adlı zəncinin şəxsiyyəti diqqətə çatdırılır və sonda onun sahibi bir daha qul saxlamamağa and içir.

Beş həftə hava şarında

Məşhur fransız yazıçısı Jül Vern dünya ədəbiyyatı tarixində elmi-fantastik romanın banilərindən biridir. Onun ilk elmi-fantastik romanı da “Hava şarında beş həftə” əsəridir. Romandakı hadisələr baş qəhrəman cənab Ferqyusonun Afrikanı başdan-ayağa kəşf etmək istəyi ilə başlayır. Cənab Ferqyusonadək bir çox səyyahlar da bu yola çıxmışdılar. Ancaq bəziləri bu yolda həlak olmuş, bəziləri də müxtəlif çətinliklərə görə geri qayıtmışdı. Cənab Ferqyuson və iki dostu bu dəfə sələflərinin yarımçıq qalan işini başa çatdırmaq istəyir və Afrikanın şərq sahilindən qərb sahilinədək səyahət etmək qərarına gəlirlər. Özü də hava şarı ilə. Əsərdə bu səyahət ərzində cənab Ferqyuson və dostlarının başlarına gələn maraqlı sərgüzəştlərin şahidi olacaqsınız...

Tarzan və onun heyvanları

Edqar Rays Berrouz XX əsrdə elmi-fanastika və fentezi janrlarının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısıdır. Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə Norman Bin təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır.

Spartak

R. Covanyoli məşhur italiyan yazıçısıdır. «İtaliyanın siyasi tarixi», «Pelleqrino Rossi və Roma respublikası», «Çiçeruakyo və Don Pirlone» və bir sıra başqa əsərlər onun qələminin məhsuludur. Lakin bu əsərlərin heç biri müəllifi dünya miqyasında «Spartak» qədər məşhur ­etməmişdir. Spartak – mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün bəşəriyyətin inqilabi rəşadət tarixinə ­düşmüşdür.

Qorxu vadisi

Romanın birinci hissəsində Şerlok Holms professor Moriartinin əlaltısı Porlokdan şifrəli məktub alır. Məktubda mister Duqlas adlı birisinə sui-qəsd hazırlanması barədə xəbər verilir. Bir qədər sonra Şerlok Holmsın Beykep-stritdəki evinə Skotlənd-Yardın inspektoru Makdonald gəlib xəbər verir ki, mister Duqlas öz malikanəsində qətlə yetirilib. Şerlok Holms tədqiqata başlayır. Lakin məlum olur ki, qətlə yetirilən mister Duqlas deyil, onu qətlə yetirmək istəyəndir. İkinci hissədə Pinkerton şirkətinin xəfiyyəsi Berdi Edvards, Makmerdo adı ilə Vermiss şəhərciyinə gəlir ki, “Təmizləyicilər”in dəstəsinə daxil olsun. Bu Mak-Merdoya nəsib olur. Romanın süjet xəttinin maraqlı, həyəcanlı hadisələri də bundan sonra başlayır…