Mən, sən və o

Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: paoportunun nömrəsini, axırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri. Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.

Kabus dolu gəmi

Alsorda atamın balaca bir dükanı var idi; adətən, əlindəki var-dövləti itirməkdən qorxan və risk etməyi sevməyən adamlar bu cür ortabab dükanlara sahib olurlar. Atam məni çox sadə və dürüst insan kimi tərbiyə etmişdi; istədiyinə də nail olmuşdu — hələ kiçik yaşlarımdan ona yardım etməyə başlamışdım. On səkkiz yaşım təzə tamam olmuşdu ki, atam həyatında ilk dəfə böyük ticarətə atılmaq qərarına gəldi və bir sövdələşməyə razılıq verdi. Amma çox keçməmiş dünyasını dəyişdi; mənə elə gəlir ki, onun ürəyini partladan şey min qızıl sikkəni ucsuz-bucaqsız dənizə etibar etməsi idi — bu cür həyəcana onun qəlbi çətin ki tab gətirəydi. Ölümündən bir neçə həftə sonra atamın yük daşıtdırdığı gəminin batması xəbəri də özünü çox gözlətmədi; xəbəri alaralmaz, nə qədər qəribə olsa da, atamın həyatda olmadığına görə sevindim.

Homerin qəbrində bitmiş gül

Şərq şeirində bülbülün gülə məhəbbəti tərənnüm edilir: sakit ulduzlu gecələrdə qanadlı nəğməkarın sevgi mahnıları ətrili gülə doğru uçub gedir. İzmirin yaxınlığında, dövrəsinə uca çinar ağacları əkilmiş bir yolun kənarında çiçəklənmiş bir qızılgül kolu gördüm. Onun yanında yüklü dəvələr uzun boyunlarını qürürla dik tutub müqəddəs torpaqda yöndəmsiz bir halda addımlaya addımlaya keçib gedirdi. Çinarların budaqları arasında çöl göyərçinləri yuva qurmuşdu. Onların qanadları günəşin şüaları altında sədəf kimi parıldayıb rəngdən rəngə çalırdı.

Gül ilə sanavar

Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padşah var idi. Bu padşahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə deyirlər: – Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik. Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməəyə qoyub ataları üçün yolladılar. Padşah qovunu görüb tez vəziri çağırtdırdı: – Vəzir bu qovunlar nə olan işdir?

Dünya gözəli

Bir var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir: – Ya bu yetimləri tut, yada məni saxla. Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə. Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar. Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir: – Ay bacı, tozanağa bax! İkinci bacı deyir: – Yəqin padşahdır. Kiçik bacı deyir: – Bacılı-bacılı, nə olaydı padşah məni ala idi, mən də bir oğlan doğa idim, bir kəkli qızıl olaydı, bir kəkli gümüş olaydı, alnı ay. Ortancılı bacı deyir: – Məni də vəzir üçün alaydılar. Mən xalca toxuyaydım, o xalçada padşahın bütün qoşunu yerləşə idi.