Ağ gəmi

“Ağ gəmi” 7 yaşlı oğlanın çatmaq istədiyi arzudur... Nədənsə hamı öz arzusuna yetə bilmir, nədənsə arzuya doğru yürüş haradasa yarımçıq kəsilir. Yazıçı dağın ətəyində, çayın sahilində yerləşən, cəmi 7-8 nəfərin yaşadığı dağ kəndində baş verənləri detallı şəkildə təsvir etməklə yanaşı, insanların iç dünyasına enir, daxili həyəcanlarını, düşüncələrini qələmə alır. Yazıçı həyata 7 yaşlı oğlanın gözü ilə baxmağa çalışır. Əsərdəki mənfi qəhrəman – Orozqul get-gedə qəddarlaşır, zülmkara çevrilir. Şaxtalı gündə nəvəsini atla məktəbdən gətirən Mömin babanı o qədər sıxışdırır ki, baba meşədəki Buynuzlu ana maralı öz əli ilə ovlayır. Gözlərində əfsanələşmiş Buynuzlu ana maralın ölümünü görən nəvə isə dəli kimi axan, suları buz kimi kəsən dağ çayının sahilinə gəlir...” Ağ gəmi”yə doğru yol yarımçıq kəsilir.

Paris Notr-Dam kilsəsi

Çoxdan unudulmuş dövrün tarixi təsvirini verən romanda sadə insanın gündəlik həyatı və dəyərləri canlandırılır. Kütləvi tarixi şüur, dünya haqqında təsəvvürlərin özünəməxsusluğu, insanların inam və ümidləri əks olunur. İnsanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Gələcək keçmişin varisi kimi göstərilir. Dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz qalan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübutdur. Yazıçı dövrün əlamətlərini əsas qəhrəmanların xarakter və taleyində təcəssüm etdirir.

Qulliverin Səyahətləri

Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır. Daha sonra o, nəhənglər diyarına düşür, hər an əzilmək, siçanlara yem olmaq təhlükəsi ilə üz-üzə qalan Qulliver buradan da qaça bilir. Uçan adaya gəlib çıxanda isə özünü xilas olmuş zənn edən Qulliver, buradakı insanların da qəribə, cansıxıcı həyat sürdüklərinin şahidi olur. Uçan adanın sakinləri yalnız musiqi və riyaziyyatla maraqlanır, bədən ölçülərinə uyğun olmayan paltarlar geyinirlər. Onların ətraflarındakı hər şey tərsinədir. Vaxt keçdikcə Qulliver buradakı insanlardan da soyumağa başlayır. Kapitan Mendesin səbirli qərarları onu bu düşüncələrdən xilas edir.

Başsız atlı

“Başsız atlı” romanı XIX əsr Amerikasında baş vermiş sirli bir qətl haqqındadır. Varlı fermer Vudli Poyndekster və onun ailəsi yeni malikanəyə köçmək üçün yola çıxırlar. Böyük bir düzənlikdə yolu azan ailəni bu yerlərin məşhur vəhşi at ovçusu – mustanger Moris Cerald xilas edir. Poyndeksterin gənc qızı Luiza ilk baxışdan ona vurulur, Vudlinin qardaşı oğlu Kassi Kolhaunsa dərhal onu özünə rəqib görməyə başlayır. Günün birində Luizanın qardaşı Henri yoxa çıxır. Az sonra başsız atlı peyda olur. Bu qeyri-adi atlı ay işığına qərq olmuş savannanı dolaşaraq, orda yaşayanları dəhşətə gətirir. Onun başı yoxdur. Kimdir o – kabus, şeytan, yoxsa insan?

Qasırğa

Dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer 27 avqust 1871- ci ildə İndiana ştatının Terre -Hote şəhərində anadan olmuşdur. O, ailənin on ikinci uşağı idi. Kasıbçılıq, ciddi dini tərbiyə görmüş, xəyalpərəst qəlbə malik olan Drayzer yaşam uğrunda mübarizə aparmağa uyğunlaşmışdı. Onun 1886-1891-ci illər Çikaqodakı işəmuzd çalışması,İndiana Universitetindəki təhsil illəri (1889-1890), 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhərlərinin qəzetlərindəki əmək fəaliyyəti acı ümidsizliklərə düçar olmuşdur. H.Spenserin əsərləri ilə tanışlıqdan sonra onun ümidsizlikləri fəlsəfədə təzahür etməyə başladı; bu fəlsəfəyə görə insanlar yalnız və yalnız təbiətin köməksiz qurbanları hesab edilirdi. O, Balzakı “fəth” etdikdən sonra isə fəlsəfi baxışlarının bədii ifadəsini tapdı.