Orta böyüklükdə adi bir milçək

Bir gün açıq pəncərə qarşısında oturub, yazı yazdığım vaxt otağa girib, ətrafımda dövrə vurmasıyla başladı bizim tanışlığımız. Görünür, rahat daransın deyə, saçıma sürtdüyüm etil spirtli odekolonun xoş ətriydi onu belə hayıl-mayıl edən. Bir-iki dəfə əl-qolumu havada yelləsəm də, o, buna zərrəcə məhəl qoymadı. "Deməli, belə oldu?" - deyərək, addımbaşı dadıma yetişən kağız qayçısını əlimə alası oldum. Bu qayçı ilə mən qəlyanımı təmizləməkdən tutmuş, ta soba maşası və ya mismar vurmaq üçün çəkic kimi də yararlanırdım. Yəni bu bacarıqlı əllərimdə o, hər cür qorxunc silaha çevrilə bilirdi. Sevimli qayçımı havada bir neçə dəfə ora-bura yellədikdən sonra milçək, ən nəhayət, məni rahat buraxdı. Amma az sonra təkrar geri döndü və ətrafımda vızıltıyla firlanmağından qalmadı.

Morella

Morella mənim dostum idi, mən ona çox dərin, qəribə bir sevgi bəsləyirdim. Onunla neçə il bundan əvvəl bir təsadüf nəticəsində dost olmuşdum, tanış olduğumuz ilk gündən indiyə qədər ruhum, dadını bilmədiyim bir atəşlə yanmaqdadır. Amma bu, Erosun atəşi deyildi, onun o ecazkar mənasını başa düşməyəcəyimi, eləcə də onun ipə-sapa yatmayan gücünü idarə edə bilməyəcəyimi anlayana qədər qəm-qüssə mənə əzab verdi. Biz görüşdük, tale bizi birləşdirdi, ancaq mən ona nə ehtiraslı sözlər dedim, nə də sevgimi hiss etdirdim. O isə insanlardan qaçaraq özünü tam mənası ilə mənə həsr edərək məni xoşbəxt etdi. Çünki, fikirləşmək bir xoşbəxtlikdir, elə xəyal qurmaq özü də bir xoşbəxtlikdir.

Köhnə-kürüş

Beril Fels adlı qadının bit bazarından aldığı qədimi dəmir sandıqçada hədiyyə olaraq məxmər və zər-bafta parçalar vardı. Evdə açıb baxanda parçaların altında bir dənə də "hədiyyə" gördü - məktublar. Ezamiyyətə gedəndə, ya da uşaqları zökəm olanda etdiyi kimi, yenə dostlarına zəng vurub onlardan məsləhət istədi: - Normal adam özgə məktubları tapanda nə edir? - Sahibinə qaytarır. Axmaq məsləhətdir! Kimə qaytarasan? Yəqin, köhnə-kürüşçü bu məktubların kimə aid olduğunu bilmir. Belə adamlar onun-bunun şey-şüyünü satmaqla dolanırlar, lombardları gəzir, əlimyandıda pula ehtiyacı olanların köhnə-kürüşünü alıb satırlar. - Siz oxuyun da onları. Əlbəttə, oxyuyacaqsız! Tanış kitab alverçisi, əntiq mallardan başı çıxan adamdır, o dəqiqə rola girdi. Söhbət 40-45 yaşlarında, ömrü boyu şəngülüm ovqatında olan homoseksualist, bibliofildən gedir. Beril Fels onunla bir yerdə ideal cütlük kimi teatra, avanqard filmlərə tamaşa etməyə gedirdi.

İki söz

Onun adı Beliza Krepuskulario idi, amma bu adı ona nə xaç suyuna çəkəndə, nə də anasının istəyi ilə qoymuşdular. O, adını özü axtarıb tapmış, özü özünə yaraşdırmışdı. Onun işi söz satmaq idi. Ən ucqardakı soyuq bölgələrdən ən isti sahillərə qədər bütün ölkəni gəzir, yarmarkalarda, bazarlarda özünə yer eləyir, günəşdən, yağışdan qorunmaq üçün dörd dirəyi torpağa sancıb kətan kölgəliyini yerə sərir və müştərilərini qəbul edirdi. Təklif etdiyi məhsulların tanıtıma ehtiyacı yox idi, o qədər gəzmişdi ki, hamı onu tanıyırdı. Hətta hər il yolunu gözləyənlər vardı; qoltuğuna vurduğu düyünçəsi ilə kənddə görünən kimi, camaat çadırının qarşısında növbəyə dururdu. Qiymətləri həmişə sərfəli olardı. Beş sentavoya əzbərdən bir şeir oxuyardı, altıya yuxuların keyfiyyətini yaxşılaşdırardı, doqquz sentavoya sevgi məktubları yazar, on ikiyə barışmaz düşmənlər üçün təhqirlər fikirləşərdi.

Adsız ağrı

Bu qadın fiquru onu bürüyən yapışqan gildən sanki heç vaxt azad olmayacaqdı. Təkcə açıq çiyinlərinə və bükülmüş belinə qədər tökülən sıx saçlarını var qüvvəsilə dartıb çıxarmağa çalışırmış kimi görünən başı məğrurcasına yuxarı qalxmışdı; ancaq bu saçlar, görülən işin naqisliyi səbəbindən, bədənə yapışmış halda idi. Bir də heykəltəraş bu füsünkar, oval simada gözlərin yerini hələ də açmadığından o, elə bir ümidsiz kədər ifadə edirdi ki, nəzər salmaq belə adama ağır gəlirdi. Gənc heykəltaraş Vittorio D`Arebanın bu əsərlə nəyi ifadə etmək istədiyini, bəlkə, heç özü də bilmirdi. Bu qızğın ehtiras bütün xırdalıqları ilə onun xəyalında qəfildən elə parlamışdı ki, o, hətta iki-üç günə eskizi bitirəcəyini düşünmüşdü. Bununla belə, bir necə həftə keçsə də, indi onun qarşısında qərar tutmuş bu üzgün qadın fiquru kamil sənət nümunəsinə çevrilməmiş, rəssam biləyini özünə tabe edə bilməmişdi.